“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

Tarix: 18.06.2025
Paylaş:

Ümumi təhsil müəssisələrində metodik işin keyfiyyətini artırmaq məqsədilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsinin təlim mərhələsi uğurla davam edir.

Müsabiqənin növbəti mərhələsində seçim mərhələsini uğurla tamamlamış müəllimlər üçün metodist hazırlığına dair xüsusi təlim proqramı təşkil olunub. 17 iyun 2025 ci il tarixindən start verilən bu təlimlərdə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, xarici dil və riyaziyyat müəllimləri iştirak edirlər.

Təlimin əsas məqsədi metodik işin təşkili sahəsində təlim iştirakçılarının nəzəri bilik və praktiki bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsidir. Təlim proqramı metodist fəaliyyəti üçün vacib olan kompetensiyaların formalaşdırılmasına xidmət edir.
Təlimlər interaktiv formada keçirilir: iştirakçılarla canlı müzakirələr aparılır, real situasiyalara əsaslanan praktik tapşırıqlar icra olunur və metodistlik fəaliyyəti ilə bağlı tövsiyələr verilir.

Qeyd edək ki, hal-hazırda “Müasir metodist” layihəsinə qeydiyyat davam edir. Müsahibə mərhələsi haqqında məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.