Azərbaycan Respublikasının Təhsil İnstitutu 8 iyul 2021-ci il tarixində “Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu” adlı vebinar təşkil edib.
Vebinarda spiker qismində “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilmiş və Prezident mükafatına layiq görülmüş Günay Kazımzadə çıxış edib.
G.Kazımzadə özü haqqında və həyata keçirdiyi tədqiqat layihələri barədə məlumat verdikdən sonra data və inkişafda olan texnologiyaların cəmiyyətə təsiri, innovativ tədqiqat və inkişaf mühitinin inkişafında beynəlxalq təcrübə, innovativ təhsil mühitinin təməlində sektorların əməkdaşlığı, gələcəyə baxış – təhsilin gələcəyi kimi mövzular üzrə çıxış edib.
Almaniyada və Avropa ölkələrində tədqiqat institutlarının özəl şirkətlər tərəfindən maliyyələşdirildiyini qeyd edən spiker tədqiqat apardığı Almaniyanın Vayzenbaum İnstitutu haqqında məlumat verib. O qeyd edib ki, İnstitutun 6 interdisiplinar tədqiqat sahəsi mövcuddur. Bu sahələrə texnoloji dəyişiklik, iş, innovasiya və dəyər yaratma, rəqəmsal bazarlarda müqavilə və vəzifələr, bilik, təhsil və sosial bərabərsizlik, demokratiya, iştirak və ictimai sfera, idarəetmə və normaların tərtib olunması daxildir. İnstitutunun sektorlararası formatlarına rəqəmsallaşdırma və davamlılıq, avtonom sistemlər və özünütəyin, təhlükəsizlik və açıqlıq aiddir.
Spiker daha sonra 7 nəfərdən ibarət tədqiqat qrupu ilə birlikdə apardığı tədqiqat layihələri barədə danışıb.
Bundan əlavə, süni intellektin kritika dairəsinə təhsil, robotlar, insan yönümü, dizayn, fərdiləşdirmə, maşın öyrənməsi, şəffaflıq, davranış, etimad, yaradıcılıq, xəta, qərəz, agentlik, izahlılıq, emosiya, qarışıq təşəbbüslərlə interfeyslər, insan-maşın interfeysləri sahələrinin aid olduğu bildirilib. Süni intellekt və inkişafda olan texnologiyalarda data təhlüksizliyinin, insan faktoru və insanın həyatına təsir edən mövzuların və s. diqqətə alındığı vurğulanıb. Süni intellektin tətbiq olunduğu sahələrə səhiyyə, istehsalat, nəqliyyat, təhsil, informasiya texnologiyaları, biznes analitika, təchizat zəncirinin idarə olunması, tikinti, pərakəndə satış, kiber təhlükəsizliyin daxil olduğu deyilib. G.Kazımzadə 50 milli süni intellekt strategiyasi olan ölkələr haqqında danışarkən Kanada və Almaniya təcrübəsi barədə ətraflı məlumat verib.
İnnovatov təhsil mühiti haqqında çıxış edən spiker inkişafda olan texnologiyalar və 4-cü sənaye inqilabı çərçivəsində robotlar, “big data”, kibertəhlükəsizlik, bulud (cloud) xidmətləri və digər texnologiyaların mühümlüyünü qeyd edib.
Çin təcrübəsində müəllimlərə kömək edən robotlar haqqında danışan spiker bildirib ki, robotlar tələbələrin problemlərini proqnozlaşdıraraq onların həllində müəllimlərə assistentlik edirlər.
Vebinar zamanı təhsilin gələcəyində fərdi öyrənmə, inklüzivlik, mentorluq və müəllimlik, bacarıqlara əsaslanan təhsil, müəllim robotlar və köməkçilər kimi faktorların dayandığı xüsusilə qeyd edilib.
200-ə yaxın təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.