Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib.
Düşərgədə Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.
Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, şagirdlərin teleskoplardan fərdi istifadə bacarıqlarının inkişaf etdirilməsidir.
Düşərgədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri ilə yanaşı xarici müəllimlər tərəfindən onlayn olaraq olimpiadaya hazırlıq dərsləri keçilib. Komandaya olimpiadanın mükafatçılarından Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyev rəhbərlik edib.
Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar. Onlara teleskopların iş prinsipi izah edilib və teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər həmçinin gecə müşahidələrində də iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi Şamaxı Astrofizika Rəsədxanasının və Tusi-Bohm Planetariumun dəstəyi ilə təşkil edilib. Komandanın XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təmin edilir.