Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi “Həmkara dəstək” layihəsi çərçivəsində Yay məktəbinə start verib.
Yay məktəbinin ilk seminarı açıq havada Bakı şəhəri Yasamal rayonunda yerləşən Skeytparkda keçirilib. Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təşkil edilən seminarın mövzusu “Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər” olub.
Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən aparılıb. Bakı şəhərinin, həmçinin bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutuan seminarda “6 şlyapa” üsulu ilə fənnin tədrisindəki problemlər müzakirə edilib, təkliflər dinlənilib. Müəllimlər yeni dərsliklərin məzmununu, dəyişən standartları təhlil edib və əvvəlki standartlarla müqayisələr aparıblar. Bundan əlavə, seminar iştirakçıları lirik şeirin struktur xüsusiyyətlərinin təhlili ilə bağlı praktik fəaliyyət aparıb, təcrübə mübadiləsi edib, çətinliklər ilə bağlı tövsiyələr alıblar. Sonda seminar iştirakçılarının ehtiyaclarının müəyyən olunması məqsədilə sorğu keçirilib.
Qeyd edək ki, “Həmkara dəstək” layihəsi üzrə təşkil olunan Yay məktəbinin məqsədi müəllimləri dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir. Layihənin qarşısında müəllimlərin diqqətinin dərsliklərlə bağlı dəyişikliklərə cəlb edilməsi və metodik vəsaitlərlə işləməyin vacibliyinin vurğulanması, müəllimlərin pedaqoji sahədə bilik və bacarıqlarının artırılması, mütəxəssis və müəllimlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, müəllimlərin öz aralarında əməkdaşlığa cəlb edilməsi kimi vəzifələr dayanır.
Nəzərinizə çatdıraq ki, qeyd olunan vəzifələrin icrası üçün yay ayları ərzində açıq havada müxtəlif mövzularda seminarların təşkili nəzərdə tutulur.