“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

Tarix: 15.09.2025
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhali üçün “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər uğurla davam etdirilir.

Təlimlər hal-hazırda Ağdərə, Xocalı, Xankəndi və Şuşa şəhərlərində həyata keçirilir və mərhələli şəkildə digər yaşayış məntəqələrini də əhatə edəcək. Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən və orada məskunlaşan vətəndaşların müasir texnologiyalardan istifadəyə dair rəqəmsal bilik və bacarıqlarını artırmaqdır.

Təlim proqramına XXI əsr üçün zəruri olan rəqəmsal bacarıqlar, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə əsas kompetensiyalar, “Google” alətləri ilə işləmək, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik qaydaları, elektron hökumət xidmətləri eləcə də Azərbaycan Təhsil Şəbəkəsinin veb layihələri və digər innovativ istiqamətlər üzrə mövzular daxildir. Sessiyalar əsasən praktiki məşğələlər şəklində təşkil olunur ki, bu da iştirakçılara öyrəndiklərini dərhal tətbiq etməyə imkan verir.

Bu mövzuda təlimlərin işğaldan azad olunmuş bütün ərazilərdə mütəmadi olaraq təşkili nəzərdə tutulub.