ARTİ-nin əməkdaşları beynəlxalq proqramda iştirak edirlər

Tarix: 24.06.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) öz kadr potensialını gücləndirmək məqsədilə əməkdaşlarının müxtəlif proqramlara cəlb olunmasına dəstək göstərir. İnstitutun layihələrinin idarə olunması potensialını artırmaq məqsədilə ARTİ-nin əməkdaşları Dyuk Universitetinin təlim proqramında iştirak edirlər.

ARTİ-nin Layihə katibliyinin rəhbəri Nailə Ömərova və baş mütəxəssisi Aysel Həsənova Bakı Ali Neft Məktəbinin (BANM) xüsusi dəstəyi, tanınmış beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universitetinin layihələrin idarəedilməsi üzrə magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbinin (SPM) təlim proqramına qatılıblar.

May ayından start götürən və 6 ay davam edəcək bu kurs “Layihələrin idarəedilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Risklərin idarəedilməsi”, “Agile & Lean”, “Layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya”, “Müqavilə idarəetməsi”, seçmə modul olaraq isə “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” və ya “PMP (Layihələri idarəetmə mütəxəssisi) imtahanına hazırlıq” olmaqla ümumilikdə 7 moduldan ibarətdir.

Təlim proqramını uğurla başa vuran iştirakçılar dünyanın ən nüfuzlu universitetlərindən biri olan Dyuk Universitetinin peşəkar layihə meneceri sertifikatı ilə təmin olunacaqlar. Həmçinin, proqram məzunları 7 modul üzrə sertifikat əldə edəcək və adlarının qarşısına DCPM (Duke Certified Project Manager) inisiallarını əlavə edə biləcəklər.

Qeyd edək ki, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar artıq 100-dən çox məzunu olan Layihə İdarəetmə Məktəbinə böyük maraq göstərərək öz əməkdaşlarının ixtisasartırması üçün bu layihədə iştirakını dəstəkləyirlər.