“Ümumi təhsil müəssisələrində təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssislərin təkmilləşdirilməsi” təlimlərinə başlanılıb

Tarix: 08.10.2025
Paylaş:

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Uşaqların Müdafiəsi İdarəsi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində təlimlərin keçirilməsinə başlanılıb.

6 oktyabrdan başlayan təlimlərdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə yeni cəlb olunmuş 180 nəfər təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssis iştirak edir.

Təlimdə müdavimlərə uşaq hüquqlarının fərqli xüsusiyyətləri və şəxsiyyətlərarası ziddiyətlərin aradan qaldırılması yolları, təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi problemləri, uşaqların sosial müdafiəsi (ailədə, məktəbdə və cəmiyyətdə), müasir cəmiyyətin problemləri və onların uşaqlara təsiri, təhsil müssisələrində baş verən zorakılıq və kiber zorakılıq hallarında erkən müdaxilə üsulları və s. kimi mövzular tədris olunur.

Keçirilən təlim proqramının daha səmərəli olması üçün iştirakçılar mövzulara uyğun fərdi və qrup işləri üzərində çalışır, situasiya tipli tapşırıqlarla təqdim olunan problemlərin real həlli yolları barəsində müzakirə aparır, təkliflər hazırlayırlar.

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssislərin təkmilləşdirilməsi” təlimlərinin digər regionlarda da keçirilməsi planlaşdırılır.