Oktyabrın 25-də Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Respublikasının Təhsil İnstitutu Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ARTİ əməkdaşları üçün “Komanda quruculuğu” tədbiri həyata keçirilib.
Tədbirin təşkilində məqsəd əməkdaşların iş mühitindən kənarda səmərəli vaxt keçirməsini təmin etmək, komanda ruhunu və birgə fəaliyyət bacarıqlarını gücləndirmək, eyni zamanda əməkdaşlıq, motivasiya və kollektiv həmrəyliyini möhkəmləndirmək olub.
Tədbirdə Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev komanda quruculuğunun kollektivin birgə fəaliyyətinə müsbət təsir etdiyini vurğulayıb.
Proqrama səhər yeməyi ilə start verilib, daha sonra “Əməkdaşlıq və komanda ruhu” mövzusunda vörkşop keçirilib. Vörkşop ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri, beynəlxalq akkreditasiyalı peşəkar kouç Xanım Şabonova tərəfindən icra edilib. Vörkşop zamanı iştirakçılar əməkdaşlıq, koordinasiya və yaradıcılıq bacarıqlarını nümayiş etdirməyə imkan verən tapşırıqlar icra ediblər.
Günün sonunda keçirilən intellektual komanda oyunu isə tədbirə xüsusi rəng qatıb. Yarış zamanı komanda üzvləri arasında bilik, məntiq və analitik düşünmə bacarıqlarının sınaqdan keçirilməsi komandalararası maraqlı mübarizəyə səbəb olub.
Sonda qalib komandalara mükafatlar təqdim olunub, kollektiv xatirə şəkli çəkdirilib, təşkilatçılara təşəkkür edilərək tədbir yekunlaşdırılıb.