21-23 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri keçiriləcək.
Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycanda onlayn təhsil zamanı ibtidai və orta təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dair beynəlxalq təcrübədə istifadə olunan alətlərin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsidir.
Təlimlərə ekspert qismində Estoniyanın Tartu Universitetinin Təhsil İnnovasiyaları Mərkəzinin tədqiqatçısı Maria Jürimae və Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin e-təhsil Mərkəzinin direktoru Andreas Riepl dəvət olunub.
Tədbirin ilk günündə açılış nitqi ilə ARTİ-nin direktoru Rüfət Əzizov və onlayn qiymətləndirmədə çağırışlar mövzusunda direktor müavini Ülkər Babayeva çıxış edəcəklər. Daha sonra ekspertlər “Sinifdaxili onlayn qiymətləndirmə (müəllimlər üçün): e-qiymətləndirmə strategiyaları və e-qiymətləndirmə alətləri” barədə danışacaqlar.
İkinci gün “Distant təhsildə qiymətləndirmə: formativ və summativ qiymətləndirmələr”, “Orta təhsildə öyrənmə və performans üçün e-qiymətləndirmə” haqqında danışılacaq.
Təlimlərin sonuncu günü “Qərarverici və idarəedici şəxslər üçün distant təhsildə qiymətləndirmə metodikası və qanunvericilik baxımından effektivliyi artırmaq üçün nə edilə bilər ?”, “Onlayn təhsildə milli qiymətləndirmələr, standartlaşdırılmış imtahanlar” kimi mövzular əhatə olunacaq.
Tədbirə Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Təhsil İnstitutunun əməkdaşları, məktəb direktorları və məktəb müəllimləri olmaqla 20 nəfər iştirakçı qatılacaq.