“İnnovativ məktəb” layihəsinin növbəti mərhələsi davam edir

Tarix: 06.11.2025
Paylaş:

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsi davam edir. Xatırladaq ki, layihə çərçivəsində İsrailin Təl-Əviv şəhərində “Təhsildə liderlik” mövzusunda təlimlər təşkil edilir və layihənin icrası Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Təlimlərin ikinci həftəsində 11 yeni seçilmiş məktəbi təmsil edən pedaqoji kollektiv, Regional Təhsil İdarələrinin nümayəndələri, ARTİ və MÜTDA əməkdaşları ilə birgə ümumilikdə 50 nəfərdən ibarət olan heyət informasiya savadlılığı, öyrənmə üçün məkan, təhsildə reallıqlar və illuziyalar, dəyişikliyin təşviq edilməsi kimi mövzular haqqında həm nəzəri, həm də praktiki biliklərə yiyələniblər. Bununla yanaşı, pedaqoji heyət “ORT Bialik”, “ORT Boim Kiryat Gat”, “ORT Neomi Shemer Gan-Yavne” təhsil müəssisələrinə səfər edərək bu müəssisələrin öyrənmə mühitini və tədris yanaşmalarını yaxından müşahidə etmək imkanı əldə ediblər. Həmçinin “The Peres Center for Peace and Innovation” və “Bloomfield” elm muzeyinə olan səfərlər zamanı iştirakçılar innovativ texnologiyalar və elmi yeniliklər ilə tanış olublar.

Sözügedən təlimlər 13 noyabr tarixində başa çatacaq. Təlimlərin ikinci hissəsinin dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.