ARTİ Həmkarlar İttifaqı Komitəsi “Həmkardan həmkara öyrənmə” proqramına start verib

Tarix: 21.11.2025
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsi əməkdaşlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə “Həmkardan həmkara öyrənmə” proqramına start verib. Proqram çərçivəsində ARTİ-nin müxtəlif struktur bölmələrində çalışan mütəxəssislər öz peşə bacarıqlarını və biliklərini digər həmkarları ilə mütəmadi şəkildə paylaşmaq imkanı qazanacaqlar.

Bu təşəbbüs çərçivəsində 20 noyabrda “İş yerində ünsiyyət və emosiyaların idarə olunması: Emosional zəka və kouçluq yanaşması” mövzusunda ilk təlim keçirilib. Təlim ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri, beynəlxalq akkreditasiyalı peşəkar kouç Xanım Şabonova tərəfindən aparılıb.

Təlimin əsas məqsədi əməkdaşların iş mühitində effektiv ünsiyyət bacarıqlarını gücləndirmək, çətin emosional vəziyyətləri düzgün idarə etməkdə əməkdaşlara dəstək olmaq, ümumilikdə pozitiv komanda ruhunu artırmaqdan ibarət olub.

Təlimdə Təhsil İnstitutunun əməkdaşları iştirak edib və təlim boyunca emosional zəka, özünü tanıma, motivasiya kimi mövzular ətrafında müzakirələr aparılıb.

ARTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Həmkardan həmkara öyrənmə” proqramının davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.