Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev COP30-da iştirak edib

Tarix: 26.11.2025
Paylaş:

Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak edib.

Konfrans çərçivəsində təşkil olunan “Təhsilin yaşıllaşdırılması mövzusunda yüksək səviyyəli dəyirmi masa”da çıxış edən Elnur Əliyev Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən COP29-da irəli sürülmüş təşəbbüsün əhəmiyyəti, görülmüş işlər və planlaşdırılan fəaliyyətlərdən danışıb.

Nazir müşaviri çıxışında bildirib ki, COP29-da Azərbaycan və İƏİT Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram PISA-ya iqlim savadlılığı istiqamətinin daxil edilməsi üçün birgə təşəbbüs təqdim ediblər.

Onun sözlərinə görə, PISA milli islahatların əsas hərəkətverici qüvvələrindən biridir və iqlim savadlılığı onun qiymətləndirmə çərçivəsinin bir hissəsinə çevrildikdə ölkələr təbii olaraq siyasətlərini bu yeni prioritetə uyğunlaşdırmağa, öz kurikulumlarını, müəllim hazırlığı proqramlarını və tədris prioritetlərini yenidən nəzərdən keçirməyə başlayacaqlar. O qeyd edib ki, Azərbaycanın COP29-da başladığı və cəmi bir il ərzində qlobal hərəkat səviyyəsinə yüksələn təşəbbüsün məqsədi gənclərin iqlim proseslərini başa düşən və iqlim fəaliyyətinə fəal qoşulan nəsil kimi yetişdirilməsidir.

Çıxış edən İƏİT-in baş analitiki Mario Piacentini bildirib ki, COP29-dan COP30-a qədər bu təşəbbüs çərçivəsində PISA İqlim Savadlılığı Çərçivəsi hazırlanıb və həm Azərbaycanda, həm də Braziliyada pilot qiymətləndirmələr keçirilib. O qeyd edib ki, paralel olaraq müəllimlərin iqlim savadlılığını dərs prosesinə inteqrasiya etməsinə dəstək göstərmək məqsədilə İƏİT tərəfindən yeni tədris resurslarının hazırlanması istiqamətində işlər aparılır.

Sonda Elnur Əliyev əlavə edib ki, Azərbaycanda artıq iqlim savadlılığının təhsilə inteqrasiyası istiqamətində kurikulumların yenilənməsi, məzmunun hazırlanması və müəllimlərin peşəkar inkişafı sahəsində işlərə başlanılıb. O həmçinin bu prosesin regional əməkdaşlıqlar vasitəsilə daha da güclənəcəyini vurğulayıb.

Konfrans çərçivəsində qeyd olunub ki, Azərbaycanın atdığı bu addım qlobal təhsil siyasətində mühüm dönüş nöqtəsi hesab olunur və ölkənin iqlim savadlılığının formalaşdırılması üzrə yaratdığı əməkdaşlıq modeli digər dövlətlər üçün ilhamverici təcrübə kimi dəyərləndirilir.