Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Respublikasının Təhsil İnstitutu Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ARTİ əməkdaşları üçün “Komanda quruculuğu” istiqamətində növbəti tədbir həyata keçirilib.
22 noyabr tarixində Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzi və Metodik Dəstək Mərkəzinin, 29 noyabr tarixində isə Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin əməkdaşları üçün “Komanda quruculuğu” istiqamətində səhər yeməyi təşkil olunub.
Tədbirdə ARTİ-nin rəhbər heyətindən direktor müavinləri İlham Cavadov və Kənan Kərimli, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov, həmçinin ARTİ HİK sədri Leyla Sultanlı çıxış ediblər. Bununla yanaşı, müxtəlif struktur bölmələrdən olan əməkdaşlar da fikir və təkliflərini bölüşüblər.
Tədbirlərin əsas məqsədi əməkdaşlar arasında sosial əlaqələrin gücləndirilməsi, müsbət və əməkdaşlığa əsaslanan münasibətlərin təşviqi, həmçinin işdən kənar zamanlarda həmkarlar arasında daha səmimi və motivasiyaedici mühitin yaradılması olub.
Proqram çərçivəsində iştirakçılar üçün səhər yeməyi təşkil edilib, ardınca musiqi fasiləsi ilə müşayiət olunan qeyri-rəsmi ünsiyyət mühiti yaradılıb. Səmimi atmosfer ARTİ əməkdaşlarının bir-biri ilə daha yaxından tanış olmasına, komanda ruhunun güclənməsinə və müsbət iş mühitinin formalaşmasına töhfə verib.