Ölkədə inklüziv təhsilin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən inklüziv siniflər təşkil olunan 88 məktəbdə mentorluq fəaliyyəti davam etdirilir. Fəaliyyətin əsas məqsədi müəllimlərin inklüziv siniflərdə təhsil alan müxtəlif öyrənmə ehtiyacları olan şagirdlərlə işləmək bacarıqlarını gücləndirmək və onlara müxtəlifliyə cavab verən tədris metodlarını tətbiq etməkdə dəstək göstərməkdir.
Mentorluq çərçivəsində təcrübəli mütəxəssislərdən ibarət mentorlar inklüziv siniflərdə müntəzəm müşahidələri aparır və müşahidə əsasında sağlamlıq imkanları məhdud şagirdlərin məktəb mühitinə uyğunlaşma səviyyəsini, sosiallaşma və tədris bacarıqlarını qiymətləndirirlər. Bununla yanaşı, şagirdlərin real təhsil ehtiyaclarına uyğun fərdi tədris planlarının hazırlanması prosesinə dəstək göstərirlər.
Mentorluq fəaliyyəti məktəblərdə inklüziv yanaşmanın formalaşmasına, müəllimlərin peşəkar inkişaf motivasiyasının artmasına və şagirdlər üçün daha məqsədyönlü, təhlükəsiz və əlçatan öyrənmə mühitinin qurulmasına töhfə verir.
Qeyd edək ki, mentorluq dəstəyinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulub.