Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlar silsiləsinə start verib. Vebinarlar silsiləsinin ilk tədbiri 8 may tarixində “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi” mövzusunda keçirilib.
Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edib. Tədbirin moderatoru ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub.
İ.Cəbrayılov görkəmli alim Lütfi Zadənin həyat və yaradıcılığı haqqında məruzə edib. Vebinar iştirakçılarına Lütfi Zadənin fundamental nəzəriyyələri olan qeyri-səlis məntiq nəzəriyyəsi, təəssüratlar nəzəriyyəsi, sistem(lər) nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və soft kompütinq nəzəriyyəsi barədə ilkin məlumatlar verilib.
Məruzədə Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, onun əsasları, mahiyyəti və əhəmiyyəti geniş əhatə olunub. Bu nəzəriyyənin elmin bir çox sahələrinə verdiyi töhfələr haqqında danışan spiker nəzəriyyənin mahiyyətinin həm də onun tolerantlığında olmasını vurğulayıb. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsində konfliktlərin həll olunması, həqiqətlərin aşkarlanması, hesablamaların dəqiqliyi kimi bir sıra mühüm məqamların öz əksini tapdığı qeyd olunub. Bildirilib ki, qeyri-səlis məntiq nəzəriyyəsi qeyri-dəqiqliyi təmsil etsə də, əslində obyektiv yanaşmanı təmin edir.
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiq tarixi haqqında çıxış edən İ.Cəbrayılov ABŞ, Yaponiya və dünyanın bir sıra ölkələrinin böyük şirkətlərinin, məhsullarının, sənaye proseslərinin idarə olunmasında bu nəzəriyyədən istifadə olunduğunu bildirib. Həmçinin, dünyada bu nəzəriyyə fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə problemləri, idarəetmə sistemləri və s. sahələrdə tətbiq olunur.
Daha sonra İntiqam Cəbrayılov Lütfi Zadənin ideyalarının təhsilə tətbiqi və gələcək hədəflər haqqında fikirlərini bildirib. Süni intellekt və texnologiyalar əsrində təhsilin yeni texnologiyalar əsasında inkişafı, təhsilin məzmununda Lütfi Zadənin ideyalarının təcəssümü, proqram və dərsliklərdə bu ideyaların daha dərindən öyrədiməsi imkanlarının yaradılmasının əhəmiyyəti qeyd olunub. Eyni zamanda, fakt, hadisə və proseslərin təhlilində Lütfi Zadə ideyalarına əsaslanılması, Lütfi Zadə irsinin elmi-pedaqoji araşdırılması, qiymətləndirmə sistemində Lütfi Zadənin nəzəriyyəsindən istifadə olunmasının vacibliyi bildirilib.
Sonda tədbir iştirakçılarından Naxçıvan Müəllimlər İnstitutunun elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Yaqub Məmmədov, ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov, ARTİ-nin elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov və digərləri görkəmli alim Lütfi Zadənin yaradıcılığı haqqında çıxış edib və tədbirin təşkilatçılığna görə təşəkkür ediblər. Tədbirin sonunda İntiqam Cəbrayılov vebinar iştirakçılarının suallarını cavablandırıb.
Vebinarda 100-ə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxs iştirak edib.