Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 18 dekabrda ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər üçün “Müasir pedaqoji-psixoloji nəzəriyyələr və şagird mərkəzli yanaşmalar” mövzusunda vebinar təşkil olunub.
Vebinar çərçivəsində Abraham Maslovun tələbatlar iyerarxiyası, Karl Rocers-in şagird mərkəzli təlim yanaşması və Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi ətraflı şəkildə təqdim edilib. Təqdimat zamanı bu nəzəriyyələrin şagirdlərin motivasiyası, emosional təhlükəsizliyi, özünə inamı və davranışlarının formalaşmasına təsiri praktiki sinif nümunələri əsasında izah olunub.
Xüsusilə vurğulanıb ki, Maslov öyrənmənin əsas şərti kimi şagirdin fundamental ehtiyaclarının ödənilməsini ön plana çəkir, Rocers şagird–müəllim münasibətlərinin və emosional mühitin rolunu qeyd edir, Bandura isə sosial mühitdə modelləşmə və müşahidə yolu ilə öyrənmənin əhəmiyyətini əsaslandırır.
Vebinar interaktiv formatda təşkil olunub, iştirakçılar müzakirə sualları və situativ nümunələr üzərində fikir mübadiləsi aparıblar. Metodistlər bu yanaşmaların məktəb mühitində tətbiqi ilə bağlı öz təcrübələrini bölüşüb, müasir təlim prosesində psixoloji amillərin rolunu müzakirə ediblər.
Qeyd edək ki, metodistlər üçün vebinarların davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.