Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşkilatçılığı ilə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar üçün növbəti elmi seminar təşkil olunub. Seminarın əsas məqsədi doktorantların elmi-tədqiqat fəaliyyətində nəzəri biliklərinin dərinləşdirilməsi, dissertasiya işlərinin hazırlanması prosesində metodoloji yanaşmaların düzgün tətbiqi və tədqiqat bacarıqlarının inkişaf etdirilməsindən ibarət olub.
Seminarın spikeri institutun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasov “Tədqiqatın aparılmasının nəzəriyyəsi və təcrübəsi. Dissertasiyanın tərtibi qaydaları. Tədqiqat metodları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı elmi tədqiqatın mərhələləri, mövzunun elmi əsaslandırılması, tədqiqat probleminin və məqsədinin müəyyənləşdirilməsi, elmi yenilik və praktik əhəmiyyət anlayışları ətraflı izah olunub. Professor Akif Abbasov dissertasiya işinin struktur elementləri, mətnin elmi dili və üslubu, istinad qaydaları, metodların seçilməsi və tətbiqi prinsipləri, eləcə də elmi etika və akademik dürüstlük məsələlərinə xüsusi diqqət yetirib. O, tədqiqat metodlarının mövzunun mahiyyətinə uyğun seçilməsinin elmi nəticələrin etibarlılığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Məruzədən sonra seminar interaktiv formada davam etdirilib, doktorantları maraqlandıran suallar cavablandırılıb, dissertasiya mövzularının icrası zamanı qarşıya çıxan bir sıra praktiki problemlər ətrafında geniş müzakirələr aparılıb. Sorğu-sual formatında keçirilən bu müzakirələr doktorantların mövcud elmi problemlərin həlli yollarını daha dərindən dərk etməsinə şərait yaradıb.
Qeyd edək ki, Təhsil İnstitutu doktorant və dissertantların elmi fəaliyyətinin sistemli şəkildə dəstəklənməsi məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda elmi və metodoloji seminarlar təşkil edir. Bu seminarlar gənc tədqiqatçıların elmi düşüncə tərzinin formalaşmasına, tədqiqat bacarıqlarının təkmilləşdirilməsinə və dissertasiya işlərinin metodoloji cəhətdən düzgün, akademik tələblərə uyğun hazırlanmasına mühüm töhfə verir.