VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

Tarix: 16.01.2026
Paylaş:

 

Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi keçiriləcək.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.

Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər BDU-da keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 25 sentyabr 5 oktyabr tarixlərində Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpadaya hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bir həftəlik yay düşərgəsi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən  məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil ediləcəkdir.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyilə baş tutur.

VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://www.oxuyan.az/@aao

Qeydiyyat 31 yanvar saat 23:59-a qədər davam edəcək.

Olimpiada 1 fevral saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.