Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsi əməkdaşlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə “Həmkardan həmkara öyrənmə” proqramına davam edir.
Proqram çərçivəsində ARTİ-nin müxtəlif struktur bölmələrinin mütəxəssisləri öz peşə bacarıqlarını və biliklərini digər həmkarları ilə mütəmadi şəkildə paylaşmaq imkanı qazanırlar.
Bu təşəbbüs çərçivəsində 2 fevralda “Layihələrin idarə edilməsi” mövzusunda növbəti təlim baş tutub. Təlim ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri, PMP, PMI-ACP sertifikatlı Aygün Qurbanlı tərəfindən həyata keçirilib.
Təlimdə layihə anlayışı, layihələrin uğursuzluğunun əsas səbəbləri, məqsədin düzgün müəyyən edilməsi, əhatə dairəsi və gözləntilərin idarə olunması kimi mövzular müzakirə olunub. Eyni zamanda, real nümunələr əsasında maraqlı tərəflər və onların rolları aydın şəkildə müəyyənləşdirilib.
Bu təlimin əsas məqsədi iştirakçılarda layihələrin effektiv təşkili və idarə olunması üzrə bacarıqların formalaşdırılmasıdır. Həmçinin, layihə proseslərində planlaşdırma, maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və risklərin qabaqlayıcı şəkildə idarə edilməsi bacarıqlarının inkişaf etdirilməsi də təlimin əsasını təşkil edən məsələlərdən olub.
Təlim proqramı ümumilikdə 4 təlim sessiyasından ibarətdir. Qeyd edək ki, ilk sessiya 2 fevral tarixində həyata keçirilib, növbəti sessiyaların 9, 16, 21 fevral tarixlərində həyata keçirilməsi planlaşdırılır.
ARTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Həmkardan həmkara öyrənmə” proqramının il ərzində davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.