Təhsil İnstitutunun şöbə müdiri Almatıda keçirilən elmi-metodiki konfransda iştirak edib

Tarix: 11.02.2026
Paylaş:

6–7 fevral tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Təhsildə milli-mənəvi dəyərlər: nəzəriyyə, təlim və tərbiyə təcrübəsi” mövzusunda elmi-metodiki konfrans keçirilib. Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov konfransda iştirak edib.

Qazaxıstan Respublikasının Nursultan Nazarbayev adına Təhsil Fondu tərəfindən təşkil olunan konfransda milli-mənəvi dəyərlərin təlim-tərbiyə prosesinə inteqrasiyası, psixoloji müşayiət mexanizmləri və şəxsiyyətin inkişafında dəyəryönümlü yanaşmalar müzakirə olunub.

5 fevral tarixində Almatı şəhərində yerləşən bir sıra ümumtəhsil müəssisələrinə təhsil infrastrukturu ilə tanışlıq məqsədilə səfərlər həyata keçirilib. Səfərlər zamanı təlim-tərbiyə prosesində milli-mənəvi dəyərlərin inteqrasiyası, psixoloji müşayiət mexanizmləri, eləcə də şagirdlərin sosial-emosional inkişafının dəstəklənməsi istiqamətində tətbiq olunan yanaşmalar müşahidə olunub və elmi-praktik baxımdan təhlil edilib.

6 fevral tarixində Elxan Bəylərov plenar iclasda “Şəxsiyyətin formalaşmasında mənəvi-əxlaqi dəyərlərin psixoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Məruzədə şəxsiyyətin inkişafında mənəvi-əxlaqi dəyərlərin formalaşdırıcı funksiyası, bu prosesin psixoloji mexanizmləri və təhsil sistemində dəyəryönümlü yanaşmaların elmi əsasları konseptual səviyyədə təhlil olunub.

Konfrans çərçivəsində E. Bəylərov Qazaxıstan Respublikasının iki televiziya kanalına müsahibə verib.

7 fevral tarixində konfransın bölmə iclasında “Ədalət hissinin praktik psixodiaqnostikası” mövzusunda ustad dərsi (master-klass) keçirilib. Çıxış zamanı ədalət hissinin ölçülməsi, müasir psixodiaqnostik alətlərin tətbiqi və onların təhsil mühitində istifadə imkanları elmi və praktik aspektdə təqdim olunub.

Konfrans zamanı Azərbaycan Respublikasında təhsil və psixologiya sahəsində mövcud elmi yanaşmalar beynəlxalq auditoriyaya təqdim edilib, milli-mənəvi dəyərlərin təlim-tərbiyə prosesinə inteqrasiyası ilə bağlı müzakirələr aparılıb. Tədbir psixologiya və xüsusi təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, elmi əlaqələrin genişləndirilməsi və perspektiv əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır. Bu əməkdaşlığın əsası Prezident fərmanı ilə təsdiq edilən “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı (2005–2010)” çərçivəsində qoyulub. 2007-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində istedadlı uşaqların təhsilinin təşkili üzrə ixtisaslaşmış “DARIN” mərkəzinə rəsmi səfər həyata keçirilib, genişmiqyaslı təcrübə mübadiləsi aparılıb və “İstedadlı uşaqların təhsilinin psixoloji məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edilib.

Sonrakı illərdə də Qazaxıstan Respublikasında həyata keçirilən təhsil yönümlü layihələrdə daha iki dəfə iştirak edilib. Həmin tədbirlərdə elmi-metodiki müzakirələrdə fəal iştirak təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib və təşəkkürnamələr təqdim olunub.

Nəticə etibarilə, konfrans Təhsil İnstitutunun beynəlxalq elmi əlaqələrinin genişlənməsinə, psixologiya və xüsusi təhsil sahəsində müasir elmi yanaşmaların gələcək tədqiqat və praktik fəaliyyətlərdə tətbiqinə zəmin yaradıb.