Xocalı soyqırımından 34 il keçir

Tarix: 26.02.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

ARTİ-nin direktor müavini İlham Cavadov Xocalı faciəsinin tariximizdə, qan yaddaşımızda dərin iz qoyduğunu xatırladıb. O, Xocalıda fəaliyyətə başlamış 1№-li tam orta məktəbin fəaliyyətindən, böyük faciələrə şahid olmuş şəhərin yeni həyatından bəhs edib.

ARTİ-nin şöbə müdiri professor İntiqam Cəbrayılov Xocalının qədim tarixini, Xocalı faciəsinə aparan ictimai-siyasi hadisələri, soyqırımı qurbanlarının statistikasını və hazırda Xocalı şəhərində aparılan böyük quruculuq işlərini əhatə təqdimatla çıxış edib.

ARTİ-nin direktor müavini Kənan Kərimli qanlı hadisələrin şahidi olmayan gənclərə informasiyanın düzgün ötürülməsinin, faciələrin düzgün analiz edilməsinin, həmçinin məktəblə yanaşı, hər bir ailə başçısının öz ailəsində tariximizlə bağlı təbliğat aparmasının gənclərin vətənpərvər ruhda formalaşmasında vacib rol oynadığını vurğulayıb.

Tədbirdə söz alan digər çıxışçılar da soyqırımın ictimai-siyasi-iqtisadi cəhətdən dəyərləndirilməsinin, Xocalı soyqırımına dünyanın ədalətli qiymət verməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, ARTİ-nin baş ofisində qurumun Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Xocalı faciəsini və müasir Xocalıda gedən quruculuq işlərini əks etdirən fotosərgi nümayiş olunur.