Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsi əməkdaşlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə “Həmkardan həmkara öyrənmə” proqramını davam etdirir.
Bu təşəbbüs çərçivəsində “Layihələrin idarə edilməsi” mövzusunda növbəti təlim baş tutub. Təlim proqramı ümumilikdə 4 təlim sessiyasından ibarət olub və 2, 9, 16, 25 fevral tarixlərində keçirilib.
Təlimi ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri, PMP, PMI-ACP sertifikatlı Aygün Qurbanlı aparıb.
Treninq müddətində layihə anlayışı, məqsədlərin düzgün müəyyən edilməsi, maraqlı tərəflərin və rolların aydınlaşdırılması kimi ilkin mərhələlər praktik nümunələr əsasında izah edilib. Eyni zamanda planlama, vaxtın real bölüşdürülməsi və risklərin erkən müəyyən edilməsi ilə bağlı yanaşmalar iştirakçılara tətbiqi tapşırıqlar vasitəsilə öyrədilib. Layihələrin icrası zamanı effektiv kommunikasiya, dəyişikliklərin idarə olunması kimi mövzulara da toxunulub. Təlim iştirakçı layihələrinin təqdimatı və həmin təqdimatlar əsasında aparılan fikir mübadiləsi ilə yekunlaşıb.
ARTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Həmkardan həmkara öyrənmə” proqramının il ərzində davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.