“Society for Science” təşkilatı tərəfindən təşkil olunan və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi 3–5 mart 2026-cı il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.
Ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri müsabiqədə 9 istiqamət üzrə iştirak edəcəklər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt.
Final mərhələsində iştirak edən şagirdlər martın 2-də saat 14:00-dan etibarən Bakı Ali Neft Məktəbində qeydiyyatdan keçməli, daha sonra onlar üçün ayrılmış stendlərdə poster və layihələrini yerləşdirməlidirlər.
Sərginin rəsmi açılışı və layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi 3 mart tarixində baş tutacaq.
Martın 4-də Açıq qapı günü təşkil ediləcək. Ümumtəhsil məktəblərinin şagirdləri, universitet tələbələri, elmi-tədqiqat institutlarının nümayəndələri və müsabiqə ilə maraqlan digər şəxslər sərgi ilə yaxından tanış ola biləcəklər. Martın 5-də isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.
Final mərhələsinə vəsiqə qazanmış sabahın alimlərini təbrik edir, onlara uğurlar arzulayırıq!