Azərbaycan Respublikasının Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir. Qeyd etmək lazımdır ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.
Ali təhsil müəssisələrində Tİİ fəaliyyətlərini gücləndirmək üçün rəqabətli maliyyələşmənin müvəffəqiyyətlə əldə edilməsi, tətbiqi və idarə olunması məqsədilə tədqiqatçıların mümkün qrant elanları, qrant müsabiqələrinə müraciət prosedurları barədə məlumatlandırılmasına ehtiyac var. Əlavə etmək lazımdır ki, mövcud qanunvericilik ilə yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən az 20 qrantın alınması ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbdir. Bu məqsədlə universitetlər daxilində aidiyyəti üzrə strukturun mövcudluğu, qrant dəstəyi göstərən strukturun vəzifələri, Tİİ fəaliyyətlərinin maliyyə mənbəyi və ali təhsil müəssisələrinin qazandığı qrant məbləğləri araşdırılıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub.
Sorğunun nəticələri ilə infoqrafikalarda tanış ola bilərsiniz.