Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır

Tarix: 07.04.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodik xidmətin dəstəklənməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda monitorinq aparılır.

Monitorinq 2026-cı ilin mart ayında başlayıb, aprel ayında davam edəcək. Aşağıdakı regional təhsil idarələrinə daxil olan məktəblər monitorinqə cəlb olunub: Mərkəzi Aran, Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala, Qarabağ və Mil-Muğan.

Monitorinqin əsas məqsədi məktəbdaxili metodik xidmətin təşkili səviyyəsini araşdırmaq, müəllimlərin peşəkar inkişafına metodist dəstəyini gücləndirmək, eyni zamanda keyfiyyətin artırılmasına yönəlmiş ehtiyacları müəyyən etməkdir.

Monitorinq çərçivəsində ümumi təhsil müəssisələrində metodistlərin fəaliyyəti yerində öyrənilib, dərsdinləmələr həyata keçirilib, müəllimlərlə fərdi və qrup görüşlər təşkil olunub, metodik sənədlər və fəaliyyət planları təhlil edilib.

Monitorinqin nəticələri göstərir ki, məktəbdaxili metodik xidmət müəllimlərin peşəkar inkişafının dəstəklənməsində mühüm rol oynayır. Bununla yanaşı, bəzi regionlarda resurs təminatı, texniki imkanlar və metodik fəaliyyətin sistemli təşkili ilə bağlı müəyyən çətinliklər müşahidə olunur.