18–19 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də Naxçıvan Muxtar Respublikasında Respublika Fənn Olimpiadalarının final mərhələsi təşkil olunub.
Final turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya, coğrafiya və tarix olmaqla altı fənni əhatə edib. Məlumat üçün bildiririk ki, olimpiadada yuxarı yaş qrupu üzrə (10–11-ci siniflər) 672, aşağı yaş qrupu üzrə isə (8–9-cu siniflər) 901 şagird iştirak edib. Beləliklə, altı fənn üzrə ümumilikdə 1573 nəfər şagird final mərhələsinə vəsiqə qazanaraq biliklərini sınayıb. İki şagird əlavə köməkçi vasitələrdən istifadəyə cəhd etdiyinə görə imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub.
Fizika və biologiya fənləri üzrə iştirakçılar yalnız nəzəri biliklərini deyil, həm də praktiki bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Riyaziyyat fənni üzrə yarış isə beynəlxalq olimpiada formatına uyğun şəkildə iki gün ərzində keçirilib. İlkin qiymətləndirmə başa çatdıqdan sonra şagirdlər nəticələri ilə tanış ola, daha sonra isə koordinasiya prosesində iştirak edə bilərlər. Xatırladaq ki, kimya fənni üzrə final mərhələsinin 28 aprel, informatika fənni üzrə isə 1–2 may tarixlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, finalın ev sahibi olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iki gün ərzində həm də RFO finalçılarının valideynləri üçün Açıq qapı günü təşkil edib. Yüzlərlə valideynin iştirakı ilə keçirilən görüş və universitetdaxili ekskursiya onların ADNSU haqqında daha dolğun məlumat əldə etməsinə səbəb olub.
Yüksəksəviyyəli təşkilatçılığa görə ADNSU-ya təşəkkür edirik.
