Beynəlxalq PIRLS 2026 tədqiqatının əsas mərhələsi başladı

Tarix: 20.04.2026
Paylaş:

 

20 aprel tarixindən etibarən Azərbaycanda IV sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib.

Qiymətləndirmə aprel və may ayları ərzində keçiriləcək. Son üç tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda şagirdlərimiz kağız əsaslı deyil, kompüter əsaslı qiymətləndirmədə iştirak edəcəklər. Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbdən 6000-dən çox şagird qiymətləndirməyə cəlb olunacaq.

Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sorğu suallarını da cavablandırırlar. Həmçinin, valideynlər, məktəb rəhbərləri və tədqiqatda iştirak üçün seçilmiş siniflərin müəllimləri də sorğuda iştiraka cəlb edilirlər.

Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür. Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.

Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir. Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.