Təhsil İnstitutunun əməkdaşları – professor İntiqam Cəbrayılov, filologiya üzrə fəlsəfə dokroru Adilə Nəzərova, dosent Natiq Axundov, dosent Nigar Muradova, pedaqogika üzrə fəlsəfə doktorları Könül Mikayılova, Humay Alıkişiyeva, psixologiya üzrə fəlsəfə dokrorları Ayna Hümbətova, Raziyə Quliyeva, Bahar Bəylərova-Ələkbərova, elmi işçilər Sevda Alxasova, Gülnarə Şahmuradova, Günay Hüseynova, Nigar Təhməzova, Humay Əliyeva Qərbi Kaspi Universitetinin təşkil etdiyi “Qlobal çağırışlar və perspektivlər: rəqəmsallaşma dövründə ekoloji və dayanıqlı urban sistemlər” mövzusunda beynəlxalq multidissiplinar elmi-praktik konfransda iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir müxtəlif sahələri əhatə edən aktual elmi müzakirələrlə yadda qalıb. İnstitutun nümayəndələri filologiya, pedaqogika və təhsil texnologiyaları istiqamətində aparılan tədqiqatların nəticələrini təqdim edərək müasir təhsil mühitində rəqəmsallaşmanın yaratdığı imkanları diqqətə çatdırıblar. Xüsusilə rəqəmsal platformaların tələbələrin tədqiqat bacarıqlarının inkişafına təsiri, innovativ tədris metodlarının tətbiqi və dayanıqlı təhsil modellərinin formalaşması kimi məsələlər geniş müzakirə olunub.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. Konfrans bir daha göstərib ki, rəqəmsallaşma yalnız texnoloji yenilik deyil, həm də təhsilin məzmununa və metodlarına təsir edən mühüm amildir.