“Day of AI” konfransında çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev qeyd edib ki, süni intellektin sürətli inkişafı təhsil sisteminin qarşısında yeni imkanlar açmaqla yanaşı, mühüm çağırışlar da yaradıb: “Müasir dövrdə əsas məsələ texnologiyanı sadəcə istifadə etmək deyil, onu pedaqoji məqsədlərə uyğun və məsuliyyətli şəkildə tətbiq edə bilməkdir. Təhsil müəssisələri şagirdlərdə tənqidi düşünmə, rəqəmsal savadlılıq və etik davranış kimi bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, müəllimlərin yeni texnologiyalara uyğun peşəkar inkişafı və tədris metodlarının yenilənməsi günün əsas tələblərindəndir”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə MIT RAISE-in təşəbbüsü ilə “Day of AI” konfransı keçirilib. Tədbir süni intellektin təhsildə tətbiqi, AI savadlılığının artırılması, gələcək yönümlü təhsil yanaşmaları ətrafında müzakirələrlə yadda qalıb.
Konfransda dövlət qurumlarının nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, ali təhsil müəssisələri, innovasiya mərkəzləri və texnologiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq ekspertlər iştirak ediblər.