Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Uşaq Somatik Sanatoriyasının birgə əməkdaşlığı çərçivəsində sanatoriyanın pedaqoji heyəti üçün ilk dəfə peşəkar inkişaf təlimlərinə başlanılıb.
20-26 may tarixlərini əhatə edən təlim sanatoriyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq, 2–12 yaşlı uşaqlarla təlim-tərbiyə işinin doğru təşkili üzrə müasir metodlar əsasında aparılıb. Təlimin əsas məqsədi uşaq somatik sanatoriya müəssisələrində çalışan pedaqoji heyətin peşəkar kompetensiyalarını artırmaq, müasir pedaqoji yanaşmalar, uşaqların yaş xüsusiyyətlərinə uyğun iş prinsipləri, inkişafetdirici fəaliyyətlərin təşkili, fərdi ehtiyaclarını nəzərə alaraq müalicə prosesini dəstəkləyən, təhlükəsiz və inkişafyönümlü təlim-tərbiyə mühiti yaratmaq bacarıqlarını formalaşdırmaqdır.
Təlimdə, həmçinin uşaq hüquqları üzrə hüquqi çərçivə və dünya təcrübəsi, psixoloji dəstək və emosional tənzimləmə, sosiallaşma, inklüzivlik və münaqişələr, valideynlərlə işin planlaşdırılması və s. kimi mövzular tədris olunmuşdur.
Qeyd edək ki, Təhsil İnstitutunun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində uşaq somatik sanatoriyalarında çalışan pedaqoji heyətlər üçün təkmilləşdirmə təlimlərinin keçirilməsi nəzərdə tutulub.