Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıblar

Tarix: 09.06.2026
Paylaş:

İyunun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADNSU-nun rektoru Rüfət Əzizov çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli olimpiada qaliblərini təbrik edərək onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb.

Həsən Həsənli qeyd edib ki, son illər Respublika Fənn Olimpiadalarının qaliblərinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artıb. Onun sözlərinə görə, əldə olunan uğurlar Azərbaycan təhsilinin inkişafına və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir. Nazir müavini çıxışında qaliblərin gələcək fəaliyyətinə də toxunaraq bildirib ki, onların bu gün nümayiş etdirdiyi bilik, bacarıq və keyfiyyətlər gələcək uğurlarının əsasını təşkil edir.

Sonda qaliblərə uğurlar arzulayan Həsən Həsənli onların artıq məsuliyyətli və perspektivli bir yola uğurla qədəm qoyduqlarını vurğulayıb.

Rektor Rüfət Əzizov çıxışında vurğulayıb ki, bu il respublika fənn olimpiadalarında 70 mindən çox şagird iştirak edib. Onun sözlərinə görə, bu göstərici ölkədə güclü olimpiada hərəkatının formalaşdığını göstərir. Rektor qeyd edib ki, Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlar artıq təsadüfi deyil, təhsil sahəsində uzun illər aparılan sistemli fəaliyyətin nəticəsidir.

Tədbirin rəsmi hissəsindən sonra təbiət fənləri üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

Respublika Fənn Olimpiadaları nədir?

Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

Xatırladaq ki, 10 may saat 17:00-da ADA Universitetində texniki fənlər üzrə qaliblər mükafatlandırılacaq.