Respublika Fənn Olimpiadalarının texniki fənlər üzrə qalibləri mükafatlandırılıblar

Tarix: 10.06.2026
Paylaş:

İyunun 10-da ADA Universitetində Respublika Fənn Olimpiadalarının texniki fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Respublika Fənn Olimpiadalarının şagirdlərin intellektual potensialının inkişafında və gələcək uğurlarının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ əldə etməsi dövlətin istedadlı gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Firudin Qurbanov bildirib ki, müasir dövrün çağırışlarına cavab verə bilən, yaradıcı və innovativ düşüncəyə malik gənclərin yetişdirilməsi təhsil sisteminin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, olimpiadalar və digər intellektual yarışlar şagirdlərdə yaradıcı təfəkkürün, analitik düşüncənin və problem həll etmə bacarıqlarının formalaşmasına əhəmiyyətli töhfə verir.

Nazir müavini bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq “Sabahın alimləri” müsabiqəsinin gənclərin elmə marağının artırılması və tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm rol oynadığını da diqqətə çatdırıb. Firudin Qurbanov olimpiadalarda iştirakın gənclər üçün yeni imkanlar yaratdığını və onların gələcək akademik nailiyyətlərinə mühüm zəmin formalaşdırdığını qeyd edib.

ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında əldə olunan uğurların davamlı olmasının vacibliyini vurğulayıb. O bildirib ki, qazanılan nailiyyətlər yeni başlanğıclar üçün zəmin yaradır və uğurun qorunması üçün eyni əzmkarlıqla çalışmaq lazımdır. Prorektor həmçinin qeyd edib ki, dövlət tərəfindən yaradılan müxtəlif olimpiada və xaricdə təhsil imkanları gənclərin inkişafına xidmət edir və onlar ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməlidirlər.

Tədbirin rəsmi hissəsindən sonra texniki fənlər üzrə 27 qızıl, 51 gümüş, 73 bürünc medal qaliblərə təqdim olunub.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

Respublika Fənn Olimpiadaları nədir?

Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

Xatırladaq ki, iyunun 11-də saat 16:00-da Bakı Dövlət Universitetində humanitar fənlər üzrə sonuncu medal dəstləri qaliblərə təqdim ediləcək.