ARTİ-nin əməkdaşları Ortaq Türk Əlifbası Komissiyasının toplantısında iştirak ediblər

Tarix: 23.06.2026
Paylaş:

ARTİ-nin Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev və Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Humay Alıkişiyeva Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının Ortaq Türk Əlifbası Komissiyasının dördüncü toplantısında iştirak ediblər.

Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən 13-16 iyun tarixlərində keçirilən toplantıya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasını təmsil edən komissiya üzvləri ilə yanaşı, Türk Akademiyasının müşahidəçi ölkələrində dil siyasətinə cavabdeh rəsmi qurumların nümayəndələri də qatılıblar.

Dördüncü toplantıda müzakirə edilən əsas məsələ türk dilləri üçün ortaq türk əlifbasının tətbiqinə dair tövsiyələrin, eləcə də onun praktik istifadəsinin prinsip və mexanizmlərinin razılaşdırılması olub. Yekunda iştirakçıların fikir və mülahizələri nəzərə alınmaqla ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyin təsdiqləndiyi bəyannamə imzalanıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə Türk Akademiyası çərçivəsində 2022-ci ildə Türk Dünyası Ortaq Əlifba Komissiyası yaradılıb. Komissiyanın üzvləri üzv dövlətlərin xarici işlər nazirlikləri tərəfindən təyin edilib. Komissiya öz işinə 2023-cü ildə başlayıb, 2024-cü il sentyabrın 11-də Bakıda keçirilən üçüncü iclasında ortaq türk əlifbası qəbul edilib.