ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflər (PTS) üçün hazırlanmış tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədilə Dəyirmi masa müzakirələri təşkil olunub.
Müzakirələr iyul ayının 7, 14 və 15-də üç ixtisas modulu üzrə keçirilib: kompüter operatoru, qənnadçı, dərzi köməkçisi.
Hər bir ixtisas üzrə proqramın ilkin müzakirəsi zamanı iştirakçılar tərəfindən aşağıdakı istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb:
• tədris proqramının məzmunu və strukturunun təhlili;
• proqramın əmək bazarının real tələblərinə uyğunluq dərəcəsi;
• nəzəri biliklərin tədrisi ilə praktiki bacarıqların inkişafı arasında tarazlığın təmin olunması;
• müasir iş mühitində tələb olunan səriştələrin proqrama inteqrasiyası.
Dəyirmi masa müzakirələrində Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, həmin proqramlar üzrə işçi qrup və sahə ekspertləri iştirak ediblər. İştirakçılar hər bir modul üzrə təklif və tövsiyələrini səsləndiriblər.
Qeyd edək ki, sözügedən tədris proqramları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə və Kvalifikasiya Standartlarının Reyestri əsasında hazırlanır. Proqramların hazırlanması prosesi ARTİ-nin müvafiq işçi qrupu tərəfindən həmin reyestrdəki standartlara uyğun şəkildə aparılır.
Müzakirələrin keçirilməsində əsas məqsəd yenilənmiş tədris proqramında:
• təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılmış mövzuların aktuallığı və ardıcıllığı;
• həmin mövzulara ayrılmış dərs saatlarının optimal paylanması;
• proqramın reallaşdırılması üçün zəruri olan maddi-texniki bazanın yetərliliyi;
• təlim prosesində təhlükəsizlik aspektlərinin düzgün əks edilməsi kimi məsələlərin hərtərəfli qiymətləndirilməsi və zəruri düzəlişlərin edilməsi olub.
Yenilənmiş proqramların təhsilalanlara daha keyfiyyətli bilik və bacarıqların aşılanmasına, habelə onların gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı çıxmalarına xidmət edəcəyi proqnozlaşdırılır.