Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təşkilatçılığı ilə məktəbdaxili və aparıcı metodistlər arasında şəbəkələşmənin gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və metodik dəstəyin səmərəliliyinin artırılması məqsədilə görüş keçirilib.
Görüşdə Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Mərkəzi Aran, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şərqi Zəngəzur və Şirvan-Salyan Regional Təhsil İdarələrinin, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin metodistləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisində müşahidə olunan metodik çətinliklər, onların aradan qaldırılması yolları və şagirdlərin düşünmə fəaliyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində olub.
Müzakirələr zamanı şagirdlərin yalnız hazır informasiyanı mənimsəməsi deyil, həmçinin düşünməsi, əsaslandırması, məlumatlar arasında əlaqələr qurması və nəticələr çıxarması üçün müəllimlərin tətbiq edə biləcəyi səmərəli metodik yanaşmalar nəzərdən keçirilib.
Görüşün əsas istiqamətlərindən biri də məktəbdaxili metodistlərin mentorluq bacarıqlarının inkişaf etdirilməsi olub. Bu çərçivədə müəllimlərlə effektiv peşəkar ünsiyyətin qurulması, onların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məqsədyönlü əks-əlaqənin verilməsi və fərdi inkişafın dəstəklənməsinə yönəlmiş mentorluq yanaşmaları müzakirə edilib. İştirakçılar məktəb təcrübəsindən nümunələr təqdim edib, qarşılaşdıqları metodik çətinliklər barədə fikirlərini bölüşüb və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Təcrübə mübadiləsi metodistlər arasında qarşılıqlı öyrənmə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə, müxtəlif məktəb və regionlarda tətbiq olunan uğurlu yanaşmaların öyrənilməsinə şərait yaradıb.
Qeyd edək ki, metodistlər arasında təşkil olunan şəbəkələşmə görüşləri məktəbdaxili metodik xidmətin inkişafına, metodistlərin peşəkar potensialının gücləndirilməsinə və müəllimlərə göstərilən metodik dəstəyin daha məqsədyönlü və səmərəli təşkilinə xidmət edir.