İnklüziv təhsil layihəsi çərçivəsində maarifləndirici görüşlər, interaktiv məşğələlər təşkil olunub

Tarix: 14.10.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən inklüziv siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində şagirdlər və valideynlər üçün maarifləndirici görüşlər və interaktiv məşğələlər təşkil olunub.

Fəaliyyətlərin təşkilində məqsəd inklüziya mədəniyyətinin formalaşdırılması, inklüziv təhsillə bağlı məlumatlılığın artırılması, eləcə də bütün uşaqların bərabər təhsil imkanlarına dəstəyin gücləndirilməsidir.

Şagirdlər üçün təşkil olunan interaktiv məşğələlərdə tolerantlıq, qarşılıqlı hörmət və birgə öyrənmə prinsipləri müzakirə edilib. Müxtəlif interaktiv fəaliyyətlər vasitəsilə şagirdlər arasında inklüziv dəyərlərin təşviqinə və əməkdaşlıq bacarıqlarının inkişafına töhfə verilib.

Valideynlərlə keçirilən görüşlərdə isə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, onun hüquqi əsasları, əlilliklə bağlı düzgün terminologiyanın istifadəsi, həmçinin valideynlərin inklüziv təhsil prosesində rolu barədə ətraflı məlumat verilib. Görüşlər çərçivəsində maarifləndirici videoçarxlar da nümayiş etdirilib.

Bu təşəbbüslər məktəblərdə inklüziv və dəstəkləyici mühitin formalaşdırılmasına, uşaqlar arasında qarşılıqlı hörmət və anlayışın gücləndirilməsinə, eləcə də hər bir şagirdin təhsil prosesində bərabər iştirak imkanlarının təşviqinə xidmət edir.