Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsi tərəfindən Bakı şəhəri 212 nömrəli tam orta məktəbdə “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri p.e.d.,prof. İntiqam Cəbrayılov, böyük elmi işçilər Könül Mikayılova, Mətanət Qurbanova və elmi işçi Gülnarə Şahmuradova təqdimatla çıxış ediblər.
Qarşılıqlı dialoq, işgüzar müzakirə şəraitində keçirilən görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr təqdim edilib, mövcud problemlər və bu sahədə qarşıya çıxan çətinliklər müzakirə edilib, onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin məktəblilərin rəqəmsal məzmun və təhlükələrdən qorunması ilə bağlı zəruri tövsiyələr verilib.