Yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması istiqamətində növbəti maarifləndirici görüş keçirilib

Tarix: 29.10.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Psixologiya və xüsusi təhsil şöbəsi tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində oktyabrın 28-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti maarifləndirici görüş keçirilib.

Tədbir ARTİ-də aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.

Görüşün əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin səbəb ola biləcəyi fiziki, psixoloji və sosial təhlükələr barədə iştirakçıları məlumatlandırmaq, risk yaradan amilləri müəyyənləşdirmək, profilaktik yanaşmaların vacibliyini diqqətə çatdırmaq və sağlam həyat tərzinin təşviqi olub. Tədbirdə iştirakçılara yeniyetmələrin zərərli vərdişlərdən qorunması, psixoloji dözümlülüyün artırılması, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində ətraflı məlumat verilib.