Azərbaycan Dövlət Pedaqoji Universitetində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tarix: 03.11.2026
Paylaş:

Oktyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov iştirak edib.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Fikrət Rzayev mövzu ilə bağlı fikirlərini bildirib. Daha sonra ARTİ-nin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov məruzə ilə çıxış edib. O, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin fiziki, psixoloji və sosial nəticələri, bu davranışa zəmin yaradan risk amilləri və profilaktik maarifləndirmənin əhəmiyyəti barədə məlumat verib.

Çıxış zamanı gənclərin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli təşkilinin vacibliyi vurğulanıb.