Oktyabrın 28-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi Turanə Hüseynovanın iştirakı ilə Azərbaycan Universitetində və Bakı Slavyan Universitetində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.
Tədbirdə ARTİ-nin Psixologiya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi Turanə Hüseynova mövzu üzrə məruzə ilə çıxış edib. O, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin fiziki, psixoloji və sosial nəticələri, bu davranışa zəmin yaradan risk amilləri ilə bağlı ətraflı məlumat verib.
Çıxış zamanı gənclərin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan yanaşmaların əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli təşkilinin vacibliyi qeyd olunub.