Bakı şəhər 177 nömrəli tam orta məktəbdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib

Tarix: 04.11.2026
Paylaş:

Noyabrın 3-də Bakı şəhər 177 nömrəli tam orta məktəbdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin mütəxəssisi Ramilə Həsənova  mövzu üzrə məruzə ilə çıxış edib. O, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin fiziki, psixoloji və sosial nəticələri, bu davranışa zəmin yaradan risk amilləri, psixoloji dəstəyin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Çıxış zamanı yeniyetmələrin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Şagirdlərə mövzu ilə bağlı film kadrları təqdim olunub və onlarla interaktiv müzakirələr aparılıb. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli şəkildə təşkilinin vacibliyi qeyd olunub.