Narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər davam edir

Tarix: 04.11.2026
Paylaş:

Noyabrın 2-də Bakı şəhər 55 nömrəli tam orta məktəbdə, A. Mustafayev adına 202 nömrəli tam orta məktəbdə və “Ankara məktəbi” məktəb-liseyində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər 55 nömrəli tam orta məktəbdə, A. Mustafayev adına 202 nömrəli tam orta məktəbdə və “Ankara məktəbi” məktəb-liseyində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.

Şöbə əməkdaşları mövzu ilə bağlı məruzə ilə çıxış edərək narkotik vasitələrin qeyri-tibbi istifadəsinin fiziki, psixoloji və sosial nəticələri, bu davranışa zəmin yaradan risk amilləri və maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Çıxış zamanı yeniyetmələrin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli təşkilinin vacibliyi vurğulanıb.