Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşı, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin doktorantı Nərgiz Kərimova Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXIX Respublika Elmi Konfransında (NASCO 29) iştirak edib. ARTİ-nin əməkdaşı konfransda “20-30-cu illər sovet repressiyalarının Rusiya tarixşünaslığında tədqiqi (1991-2011)” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatda 1991-2011-ci illərdə Rusiya tarixşünaslığında 20-30-cu illər sovet repressiyalarının araşdırılması istiqamətləri, əsas konseptual yanaşmalar təhlil olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş NASCO29 30-31 oktyabr tarixlərində keçirilib. Hibrid formatda təşkil olunan tədbir ölkə üzrə indiyədək keçirilmiş ən genişmiqyaslı elmi konfrans kimi tarixə düşüb. Sosial və humanitar elmlər, mühəndislik elmləri, iqtisadiyyat və idarəetmə elmləri, təbiət elmləri, riyaziyyat və texnologiya elmləri, ictimai sağlamlıq və tibb elmləri istiqamətlərini əhatə edən konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 elmi iş təqdim edilib. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 gənc tədqiqatçının 1028 elmi işi proqrama qəbul olunub.