“İnnovativ məktəb” layihəsinin növbəti mərhələsi çərçivəsində İsraildə təlimlər davam edir

Tarix: 07.11.2026
Paylaş:

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində oktyabrın 26-dan etibarən İsrailin Tel-Əviv şəhərində keçirilməsinə başlanılan təlimlərdə Azərbaycandan 23 məktəbi təmsil edən pedaqoji heyət, regional təhsil idarələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əməkdaşları olmaqla, ümumilikdə 48 nəfərdən ibarət heyət bacarıq və səriştələrin tədrisi, problemlərin innovativ həlli, data ilə işləmə və sosial-emosional öyrənmə (SEL) kimi mövzular haqqında nəzəri və praktik biliklər əldə edirlər.

Təlimlərin ikinci həftəsində iştirakçılar təqdim edəcəkləri layihələrin prototipini hazırlayaraq onu sınaqdan keçiriblər. Bununla yanaşı, təlim iştirakçıları İsrailin “ORT Singalovski”, “ORT Kiryat Bialik”, “ORT Modi’in” kimi bir neçə tanınmış təhsil kompleksinə də səfər edərək müəllim-şagird münasibətlərini müşahidə etmək, məktəblərin tədris mühiti ilə tanış olmaq, məktəb rəhbərliyi və müəllimlərlə müzakirə apararaq onların təcrübələrini öyrənmək imkanı əldə ediblər.

Xatırladaq ki, “İnnovativ məktəb” layihəsi çərçivəsində İsrailin Təl-Əviv şəhərində “Təhsildə liderlik” mövzusunda təlimlər təşkil edilir. Layihənin icrası ARTİ və MÜTDA tərəfindən həyata keçirilir.

Qeyd edək ki, təlimlər 11 noyabr tarixinədək davam edəcək.