Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Tarix: 13.11.2026
Paylaş:

 

5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafına dəstək göstərmək, eləcə də təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Təhsilverənlərin peşə yararlılığının qiymətləndirilməsi üçün müəyyən edilmiş göstəricilər məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, eləcə də özünüinkişaf istiqamətləri üzrə qruplaşdırılıb. Bu istiqamətlər nəzərə alınmaqla iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və ya cavabsız qalan suallar 0 balla qiymətləndiriləcək və düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Sertifikatlaşdırma prosesinin 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi və 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir. Sertifikatlaşdırma prosesinin keçirilmə vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə ballar proqram təminatı vasitəsilə avtomatlaşdırılmış rejimdə hesablanır. İştirakçılara nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və bu prosesdən azad olunan şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir.