ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsi keçiriləcək.
Müsabiqənin məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 19 noyabr saat 11:00-dan etibarən 18 dekabr saat 15:00-dək https://anket.edu.az/user/396 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Bu il müsabiqənin formalarında dəyişiklik edildiyindən, iştirakçılar qeydiyyata başlamazdan əvvəl qaydaları diqqətlə oxumalı və yenilənmiş formalardan istifadə etməlidirlər.
Qeydiyyatdan yalnız layihəni təqdim edən şagird, kollektiv layihələrdə isə lider şagird keçməlidir. Lider şagird digər iştirakçının, elmi rəhbərin və varsa, mütəxəssis-alimin məlumatlarını daxil etməli, tələb olunan formaları düzgün və tam dolduraraq sistemə yükləməlidir. Müraciət bütün məlumat və sənədlər yoxlanıldıqdan sonra 18 dekabr 2026-cı il tarixinədək təsdiqlənməlidir.
Mümkün texniki çətinlikləri və sənədlərin tamamlanmasına tələb olunan vaxtı nəzərə alaraq qeydiyyatın və müraciətin təsdiqinin son günə saxlanılmaması tövsiyə olunur.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.
Əlavə suallar yaranarsa, aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Mob: +99451 8167817 (whatsapp)
Mail: [email protected]