Bakı məktəblərində fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri keçirilib

Tarix: 21.11.2026
Paylaş:

Noyabrın 20-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər təhsilverənləri təkmilləşdirilmiş kurikulum sənədləri ilə tanış etmək və bu prosesdə iştirak edən mütəxəssislərlə qarşılıqlı müzakirələr aparmaq məqsədi daşıyıb.

Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov adına 261 nömrəli məktəb-liseydə keçirilən müzakirədə ARTİ-nin STEAM, təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov çıxış edərək bildirib ki, fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 29 sentyabr 2020-ci il tarixli qərarına əsaslanır. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2021-ci ildən məktəblərdə tədris olunan bütün fənlər üzrə kurikulumların yenilənməsi prosesinə başlanılıb. İndiyədək 10 fənn üzrə kurikulum təkmilləşdirilərək təsdiqlənib, yaxın aylarda isə daha 8 fənn üzrə müvafiq sənədin təsdiqlənməsi gözlənilir. M.Məhərrəmov onu da bildirib ki, kurikulumlar təkmilləşdirilən zaman müasir dövrün tələbləri, elm və texnologiyaların inkişafı, eləcə də beynəlxalq təcrübə nəzərə alınıb.

Bakı şəhəri, Xəzər rayonu, 124 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan müzakirədə isə ARTİ-nin Humanitar fənlərin proqramları şöbəsinin müdiri Turan Zəkəriyəyeva qeyd edib ki, kurikulumlarla bağlı aparılan təkmilləşdirmələrin məqsədi tədrisin məzmununu müasir tələblərə uyğunlaşdırmaq, şagirdlərin bilik və bacarıqlarını praktik şəkildə inkişaf etdirməkdir. Onun sözlərinə görə, kurikulumların müəllimlər tərəfindən düzgün başa düşülməsi və praktikada səmərəli tətbiqi mühüm əhəmiyyət daşıyır. T.Zəkəriyəyeva kurikulumlarla bağlı maarifləndirmə tədbirlərinin regionlarda davam etdiriləcəyini də vurğulayıb.

Qeyd edək ki, məktəblərdə keçirilən müzakirələrdə ARTİ-nin mütəxəssisləri və təlimçilərlə yanaşı, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, informatika, təbiət, həyat bilgisi fənlərini tədris edən müəllimlər də fəal iştirak ediblər. Mütəxəssislər ayrı-ayrı fənn kurikulumları ilə bağlı müəllimlərin suallarını cavablandırıblar. İştirakçılar təkmilləşdirilmiş fənn kurikulumları barədə fikirlərini səsləndirib, ümumilikdə prosesi müsbət qiymətləndirib və bu yeniliklərin müvafiq fənlərin tədrisində əhəmiyyətli rol oynayacağını bildiriblər.