Zaqatalada gürcü dilində tədris aparan müəllimlər üçün peşəkar inkişaf təlimləri keçirilib

Tarix: 24.11.2026
Paylaş:

2026-cı ildə Azərbaycan Respublikası ilə Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Təhsil İnstitutu ilə Gürcüstanın LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzinin birgə təşklatçılığı ilə müəllimlər üçün təlim proqramı həyata keçirilib.

17–19 noyabr tarixlərində Zaqatala şəhəri Z. Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən gürcüdilli məktəb və gürcü bölmələrinin müəllimləri iştirak ediblər.

Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan təlim proqramına ümumilikdə 100 müəllim cəlb olunub. İştirakçılar üç gün ərzində gürcü dili və ədəbiyyatının tədrisinə müasir yanaşmalar, tədris və öyrənmə prosesində rəqəmsal texnologiyalardan istifadə, tədris və qiymətləndirməyə müasir yanaşmalar, eləcə də sinfin idarə edilməsi mövzularını əhatə edən dörd modul üzrə nəzəri və praktiki biliklərini genişləndirmək imkanı əldə ediblər.

Təlimlər müəllimlərin peşəkar bilik və bacarıqlarının inkişafına, müasir pedaqoji metodların tədris prosesində tətbiqinə töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, bu təşəbbüs iki ölkə arasında müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən birgə fəaliyyətin tərkib hissəsidir.