Azərbaycan məktəblilərinin “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində qızıl medal qazanan və Regeneron ISEF 2026-da (Beynəlxalq Elm və Mühəndislik Sərgisi) “Grand Award” mükafatına layiq görülən layihəsi Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) təqdim edilib. COP31 sədrliyi tərəfindən Türkiyənin Ali Təhsil Şurasına (YÖK) təqdim edilən layihə akademik qiymətləndirmədən keçərək konfransın Yaşıl Zonasında yerləşən YÖK pavilyonunun rəqəmsal elmi poster proqramına qəbul olunub.
Qeyd edək ki, “Sianid tərkibli mədən sənayesi tullantı sularının radiasiya və fotokimyəvi texnologiyalarla təmizlənməsi: süni intellekt əsaslı üzən robot” (“AI-Controlled Floating Robot for Mining Wastewater Remediation”) adlı layihə Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri Mikayıl Əhmədbəyli və Banu İbrahimova tərəfindən Samir Kərimovun elmi rəhbərliyi ilə hazırlanıb. Süni intellekt, robototexnika və fotokimyəvi prosesləri özündə birləşdirən layihədə şagirdlər mədən fəaliyyəti nəticəsində yaranan tullantı sularının təmizlənməsi üçün süni intellektlə idarə olunan üzən robot konsepsiyası təklif ediblər.
Xatırladaq ki, “Sabahın alimləri” müsabiqəsinin məqsədlərindən biri də şagirdlərə onları maraqlandıran problemi elmi üsullarla araşdırmaq, həll yolu təklif etmək və nəticələrini əsaslandıraraq təqdim etmək imkanı yaratmaqdır.
Şagirdlərimiz Mikayıl Əhmədbəyli, Banu İbrahimova və onların elmi rəhbəri Samir Kərimovu bu nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!