Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim-müzakirə sessiyası keçirilib. “Dərsliklərin məzmunu” mövzusuna həsr olunan üçüncü sessiya STEAM İnnovasiya Mərkəzində baş tutub.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihə barədə məlumat verib. O, elm və təhsil sahəsində baş verən yeniliklərin, həyata keçirilən islahatların mediada peşəkar və dolğun şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə jurnalistlərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini qeyd edib.
Sessiyada Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin müdiri, fizika fənni üzrə dərlik müəllifi Rasim Abdurazaqov mövzu ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, yeni dərslik komplektləri həm Azərbaycan, həm də rus bölmələrində təhsil alan şagirdlər üçün hazırlanıb. “Riyaziyyat” dərsliklərində ibtidai siniflərdə konkret-təsviri-mücərrəd öyrətmə yanaşması əsas götürülüb, gündəlik həyatda rast gəlinən məsələlərə, eləcə də məsələ həllində “Polya” prinsipinin tətbiqinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, Azərbaycan dili və riyaziyyat fənləri üzrə yeni dərslik komplektləri iki il ərzində 275 məktəbdə təxminən 7300 şagirdin iştirakı ilə pilot sınaqdan keçirilib. Hazırda yeni “Riyaziyyat” dərslikləri ümumi təhsil müəssisələrinin I-VII siniflərdə tətbiq olunur.
Abdurazaqov beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya və Sinqapur nəşriyyatları ilə birgə ingilis dili, təbiət və riyaziyyat fənləri üzrə dərslik və kurikulumların hazırlanması istiqamətində əməkdaşlıq edildiyini də diqqətə çatdırıb. Eyni zamanda, bildirilib ki, ölkə təhsilinin məzmununun dünyada qəbul olunmuş standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Daha sonra “Riyaziyyat” dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev dərsliklərin hazırlanması prosesi barədə məlumat verərək bildirib ki, mövzu seçimi, hansı sinifdə hansı mövzunun tədris olunması kurikulum əsasında müəyyən edilir. Onun sözlərinə görə, bu prosesdə müəlliflərlə yanaşı, ekspertlər, rəyçilər, məsləhətçilər və digər mütəxəssislər iştirak edirlər. Z.İsayev bildirib ki, dərsliklər iki il pilot mərhələsindən, həmçinin Elm və Təhsil Nazirliyinin dördmərhələli ekspertiza prosesindən keçir. Bu müddətdə nazirliyin ekspert qrupu dərsliyin kurikuluma uyğunluğunu və məzmununun düzgünlüyünü yoxlayır.
Tədbirdə çıxış edən “Fizika” və “Təbiət” dərsliklərinin layihə rəhbəri, “Həyat bilgisi” dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə bildirib ki, ekspertiza zamanı dərsliklərə geniş həcmdə rəylər təqdim olunur. Bir dərsliklə bağlı rəylərin həcmi 70-80 səhifəyə, sayı isə 300-ə çata bilir. Rəylərin toplanması təxminən bir ay davam edir və proses mart-aprel aylarında yekunlaşır. Y.İslamzadə “Fizika” dərsliklərinə dair son zamanlar səsləndirilən iradlara da münasibət bildirib.
İnteraktiv formatda davam edən sessiyada media nümayəndələrinin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.